"İqtidarın münasibəti bizi mitinq taktikamıza yenidən baxmağa məcbur edir"-deyə Müsavat partiyasının başqanı İsa Qəmbər müxalifətin 20-ci sahədə keçirdiyi 8 və 22 aprel mitinqlərində hakimiyyətin mövqeyi, qarşıdakı 6 may aksiyası ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Hər iki aksiyanın keçirilməsinə maneələr yaradıldığı deyilib. Aksiya günlərində bu istiqamətə işləyən avtobusların xətdən çıxarıldığı bildirilib. Aprelin 22-də təkcə 120 saylı marşrut üzrə 28 avtobus xətdən çıxarılıb. Polis qüvvələri bu ərazidə yaşayan insanlara aksiyaya qoşulmamaq üçün hədə-qorxu gəlib. 22 aprel aksiyasının təhlükəsizliyini təmin edən mühafizəçilərin sırasında təxribatçıların olduğu vurğulanıb.
Yeniyetmələrin, valideynləriylə aksiyaya gələn uşaqların mitinqə buraxılmaması tənqid edilib. "Necə olur ki, yeniyetmə oğlanın 47 milyona villa almaq hüququ olur, eyni yaşlı yaşıdının aksiyada iştirak etmək hüququ olmur?"-deyə Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli dövlət başçısı İlham Əliyevə sual ünvanlayıb.
İqtidarın müxalifətin aksiyalarına mənfi münasibətinin mayın 6-a nəzərdə tutulan mitinqi 20-ci sahədə keçirməyi mümkünsüz edir. Bu aksiyanın İP-nın təklif etdiyi yerlərdən birində keçirilməsi mıəqsədəuyğun sayılıb. ATƏT-in Bakı ofisinin aksiyaların keçirilməsi üçün şəhərin mərkəzində yer ayrılması çağırışına görə İP adından ofis rəhbəri Koray Tarqaya da müraciət ünvanlanıb. İP-nın 5 may sessiyasında aksiyanın harada keçirilıməsi haqda yekun qərar verəcəyi nəzərə çatdırılıb.
AXCP sədri Əli Kərimli iqtidara "Evrovision" yarışmasına qalan 3 həftə ərzində həbsdə olan vicdan məhbuslarını azad etmək, sərbəst toplaşmaq, söz azadlığını təmin etmək çağırışı edib.
Video Description: MÜXALİFƏT 20-Cİ SAHƏYƏ GETMƏK İSTƏMİR