Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 47 yaşı tamam olur. O 2005-ci il martın 2-də muzdlu qatilin əli ilə qətlə yetirilib. Jurnalistlər, hüquq müdafiəçiləri onun xatirəsini yad edərək məzarı önünə çiçək dəstələri qoyublar. Məzarın önünə toplaşanlar söz azadlığından, azad vətəndaş jurnalistikasının inkişafına Elmarın töhfəsindən danışıblar.
“Elmarın qatilləri düşünürdülər ki, onun ölümü ilə Azərbaycanda fikrin ifadə olunması azadlığı tədricən yox olacaq. Əksinə, hər dəfə Elmarın doğum günündə, Beynəlxalq Mətbuat Həmrəyliyi və Milli Mətbuat günündə vətəndaş cəmiyyəti onun məzarının önündə öz birliyini nümayiş etdirir”, - “Azadlıq” qəzetinin şərhçisi Rövşən Hacıbəyli bildirib.
Reportyorların Azadlıq bə Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov bildirib ki, Elmar Hüseynov Fondunun təsisçiləri vergi orqanları tərəfindən götürülmüş sənədlərin qaytarılmasına nail olmaq və fondun fəaliyyətini bərpa etmək qərarına gəliblər.
Elmarın atası Sabir Hüseynov oğlunun xatirəsinə göstərilən hörmətə görə toplaşanlara təşəkkür edib və Elmarın qatillərinin əvvəl-axır məhkəmə qarşısında dayanacağına ümidvar olduğunu bildirib.
Prinsipial vətəndaş mövqeyi ilə seçilən Elmar Hüseynov indiki hakimiyyətin sərt və barışmaz tənqidçisi kimi tanınırdı. Onun qətlinin sifarişçiləri və icraçıları indiyədək tapılmayıb. Halbuki, Türkiyə xüsusi xidmətinin istintaq qrupu isti izlərlə qatillərin adlarını müəyyən edərək ali rəhbərliyə bu barədə məlumat verib.
Hakimiyyət öz versiyasını irəli sürərək bildirib ki, qatillər əslən azərbaycanlı olan Gürcüstan vətəndaşlarıdr. Lakin məlum olmayan səbəblərdən heç kim onları tutmur.
Video Description: MƏRHUM ELMAR HÜSEYNOVUN 47 YAŞI TAMAM OLUR