generic dapoxetine priligy
GÜNÜN XƏBƏRLƏRİ 30 İYUN 2011
Select Category:

CABBAR SAVALANLI  BARMAQLIQLAR ARXASINDA İFADƏ VERDİ

İyunun 30-da Sumqayıt Apellyasiya Məhkəməsində hakim Lətifə Hüseynovanın sədrliyi ilə gənc fəal Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 4 may 2011-ci il tarixdə çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi  keçirilib.

Məhkəmə başlayan zaman nəzarətçilər məhkəmə zalında yer olmadığını əsas gətirərək prosesi izləmək istəyən şəxsləri içəri buraxmayiblar.

Prosesdən sonra Cabbar Savalanlının vəkili Əsabəli Mustafayev “Obyektiv tv” –yə bildirib ki, məhkəmə işə mahiyyəti üzrə baxmağa başlayıb və prosesdə tərəflər izahat veriblər.

“ İlk olaraq Cabbar Savalanlının dəmir barmaqlıqlar arxasından çıxarılaraq vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırdıq. Vəsatətimiz təmin edilmədi. Daha sonra məhkəmənin yenidən istintaq aparılaraq keçirilməsi ilə bağlı vəsatət qaldırdıq və  öz arqumentlərimizi təqdim etdik. Hakim vəsatətimizi baxılmamış saxladı “-deyə Əsabəli Mustafayev bildirib.

Vəkil onu da deyibi ki, prosesdə çıxış edən Cabbar Savalanlı ona qarşı irəli sürülmüş ittihamı əsasız hesab etdiyini və  bütün bu ittihamların onun siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Hakim növbəti prosesi 7 iyul saat 15:00-a təyin edib

Xatırladaq ki, Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib.

Azərbaycan İnterneti “Eurovision”a hazırdırmı

 

Azərbaycan İnternet Forumu  “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda dəyirmi masa keçirib.  Forumda internetin 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıq, xidmət səviyyəsi, qiymətlər, xəbər ehtiyatları, dil və texniki hazırlıq vəziyyəti  diqqət mərkəzində olub.

Müzakirələrdə bəlli olub ki, Azərbaycan və Bakı şəhəri ilə bağlı internetdə yetərincə bilgi yoxdur.

“Bakı şəhəri və Azərbaycanla bağlı həm milli, həm də qlobal resurslarda məlumatlar yetərli deyil. Məlumatların əksəriyyəti azərbaycan və rus dilli istifadəçilər üçün nəzərdə tutulub. İngilis dilində isə məlumatlar olduqca azdır”, - deyə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

O həmçinin provayderlərin istifadəçiləri aldatdığını, qiyməti ödənmiş sürətdə trafik vermədiyini, internet bağlantısının yetərli olmadığını, bağlantılarda bəzən fasilələr yarandığını deyib.

Azərbaycan  “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldikdən sonra ölkə barədə məlumat əldə etmək istəyənlərin sayı 8 dəfə, Bakı şəhəri barədə məlumat almaq istəyənlərin sayı isə 2 dəfə artıb.

“Twitter”də Azərbaycanla bağlı məlumat alan insanların sayı 100 minlərlədir.

“Azərbaycanın milli internet resursları yüz minlərlə istifadəçinin eyni anda istifadəsinə hazır deyil. Ölkədə “Bulud” sisteminin tətbiqinə başlanmalıdır. Bu sistem istifadəçilərin sayına uyğun olaraq avtomatik resursunu artırıb-azaldır. Eyni zamanda, konsert salonunda Wi-Fi sisteminə pulsuz giriş olarsa Azərbaycanın reklamı üçün gözəl fürsət yaranar, - deyə internet məsələləri üzrə ekspert Rüstəm Əliyev bildirib.

Onun fikrincə, turistlər ilk öncə mobil internetdən istifadəyə can atacaq. “Mobil internetin səviyyəsi də yaxşı deyil. Mobil internetin qiyməti 40-50 dollardır. Bu isə Avropadakı qiymətlərdən iki dəfədən çox bahadır. Plastik kartlardan istifadə və ödənişlər sahəsində də vəziyyət yaxşı deyi”.

“Eurovizion”la bağlı olan bütün saytlar, o cümlədən  “Eurovision”un rəsmi saytı və mobil rabitə stress testlərindən keçirilməlidir. Xaricdən gələn yüz minlərlə trafiklərə milli saytlar dözəcəkmi və ya saytların bir neçəsi sıradan çıxarsa hansı addımlar atılacağına hazır olmaq lazımdır”, - deyə  İREX-in meneceri Mürsəl Əliyev qeyd edib.

 

 

 

 

Güneyli mühacirlər onlara münasibətdən narazıdırlar

 

Azərbaycanda yaşayan bir qrup Güney Azərbaycanlı mühacirlərin statusu ilə bağlı mətbuat konfransı keçirib.

Mühacir Babək Muğanlı rəsmi Bakının Güney Azərbaycandan olan mühacirələrə münasibətindən narazılıq edib.

Azərbaycanda uzun müddət yaşamalarına baxmayaraq nə siyasi mühacir statusu, nə vətəndaşlıq, nə də üçüncü ölkəyə getmək üçün razılıq  ala bildiklərini nəzərə çatdırıb.

Bununla bağlı onlar dövlət başçısı İlham Əliyevə, iyulun 5-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlılarının III qurultayının nümayəndələrinə müraciət hazırlayıblar.

Dövlət miqrasiya xidmətinin mühacirlərə verdiyi sənədə toxunan natiqlər həmin sənədin 3 aydan bir dəyişdirilməsini, hətta bu sənədin polis bölməsində  belə keçərli olmadığını, buna görə şəxsiyyətlərilə bağlı əlavə araşdırmalara məruz qaldıqlarını söyləyiblər.

Konfrans iştirakçıları rəsmi Bakının 35 milyon Güney Azərbaycan türkünün İrandakı çətin durumuyla bağlı konkret münasibət bildirməli olduğunu vurğulayıblar.

Onların fikrincə, demokratik dövlətlər İranda azərbaycanlıların problemləri, haqlarının tapdanması, təqib,  təhqir, təzyiq, həbs və qətllərə məruz qalmaları barədə ucadan danışdığı halda rəsmi Bakının susması başa düşülən deyil.

İranda Azərbaycan dilində qəzet, kitab nəşr edilmədiyi, ana dilində məktəb olmadığı, 35 milyon azərbaycanlının adi insani haqlarından ictimai-siyasi haqlarına kimi bütün hüquqlarından məhrum edildiyi qeyd olunub.

“İndi birlik, Güney və Qüzeyindən asılı olmayaraq millət kimi iradəni ortaya qoymaq vaxtıdır”-deyə mühacirlər rəsmi Bakının problemə müdaxilə etməsini önə

çəkiblər.

 

 

 

 

SDİ Bakı şəhər icra hakimiyyəti ilə məhkəmədə görüşəcək

 

Bu gün (30 iyun) Şəmsi Bədəlbəyli 38 ünvanında yerləşən Sülh və Demokratiya İnstitutunun ofisi ətrafında növbəti gərginlik yaranıb.

Bu günəcən bir neçə dəfə Leyla Yunus ofisinin divarlarına mülkün ona məxsus olduğunu və mülkiyyət hüququnun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunduğunu yazdırıb və bu yazılar hər dəfə axşam saatlarında rənglənərək silinib. Bu gün eyni hadisə təkrarlanıb.

Xatırladaq ki, ərazidəki evlərin sökülməsi ilə bağlı dəfələrlə hökumət nümayəndələri ilə evləri sökülən sakinlər arasında problemlər yaşanıb.

Nəsimi rayon 21-ci polis bölməsinin əməkdaşları dəfələrlə qanunsuz olaraq olaylara müdaxilə ediblər.

Sülh və Demokratiya İnstitutunun Konfliktologiya Departamentinin müdiri Arif Yunusov jurnalistlərə verdiyi müsahibəsində yazıların Bakı şəhər İcra hakimiyyəti katibliyinin rəhbəri Zülfəli İsmayılovun əli ilə silindiyini deyib.

Bu gün Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia əsasında məhkəmə olacağını da bildirib.

 

 

Müstəqil Azərbaycan rəqəmlərdə

 

Bu gün Dövlət Statistika Komitəsində müstəqilliymizin 20-ci ildönümü ilə bağlı «Müstəqil Azərbaycan rəqəmlərdə» adlı elmi simpozium keçirilib.

İştirakçılar sosial-iqtisadi inkişafın çətin yollarından, problemlərdən danışıblar.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev qeyd edib ki, iqtisadi artıma 1996-cı ildə nail olmaq mümkün olub.

1993-cü illə müqayisədə kənd təsərrüfatı istehsalı indeksi 2010-cu ildə 158,1% təşkil edib. Azərbaycan iqtisadiyyatına investisiya həcmi 1994-cü illə müqayisədə 213 dəfə artıb.

20 ildə dövlət büdcəsinin gəlirləri 54,6 dəfə artıb. Əgər 1996-cı ildə banklarda əhalinin pul əmanətləri  12,1 mln manat idisə, 2010-cu ilin sonu üçün 3 030 mln manata çatıb.

Demoqrafik vəziyyət də yaxşılaşıb. 1991-ci ildən bu günə kimi əhali 7 324,1 mindən 9 111,1 min nəfərə artıb. Əhalinin rifahı da yaxşılaşıb: 2001-ci ildə yoxsulluq səviyyəsi 49%, 2010-cu ildə 9,1% olub.

Misir Mərdanov təhsildəki uğur və problemlərdən danışıb. 2000 ümumtəhsil məktəbinin tikinti və təmiri nəticəsində 1,3 milyon məktəblidən 1 milyonun təhsil şəraiti yaxşılaşıb.

4520 məktəbdən 100-də genişzolaqlı internet təşkil edilib. Nazirin sözlərinə görə, dövlət büdcəsindən təhsilə ayrılan xərclər hər il artır və 2010-cu ildə bu rəqəm 1,3 milyard manat olub.

Peşə təhsilində ciddi problemlər var. Misir Mərdanov məktəbəqədər təhsilin vəziyyətindən də narazıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun sözlərinə görə, 1991-2010-cu illərdə 4500 elmi kitab, 80 min elmi məqalə çap edilib. 20 ildə 450 doktorluq, 1700 namizədlik dissertasiyası müdafiə edilib. 2600 elmi kəşfdən 750-si istehsalata tətbiq edilib.

Share |
Added: 2011-06-30
Category: Günün xəbərləri
Duration: 0:09:32
Video Description: GÜNÜN XƏBƏRLƏRİ 30 İYUN 2011