generic dapoxetine priligy
GÜNÜN XƏBƏRLƏRİ 1 İYUL 2011
Select Category:

Magistral internetin tarifləri azaldıldı

Azərbaycanda vasitəçi provayderlərin ümumi sayı 25-dən çoxdur. İyulun 1-dən Azərbaycanın magistral (backbone) provayderi olan Delta Telecomun vasitəçi provayderlər üçün tarifləri 40% azaltması İnternet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bu fikri bugünki mətbuat konfransında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O, indiyədək provayderlərin müqavilə üzrə olduğundan daha az həcmdə İnternet verdiklərini deyərək, bunu “bazarda alıcının çəkidə aldadılması ilə” müqayisə edib.

Onun sözlərinə görə, provayderlər backbone-da İnternet trafikini 8-10 və daha çox hissəyə bölürdülər. İndi isə onu ən çox 4 hissəyə bölərək, internetin keyfiyyətini yaxşılaşdırmaq imkanı yaranıb.

Hətta hazırki pərakəndə qiymətlər saxlanılarsa, İnternetin sürəti artarsa, bunu artıq yaxşılaşma hesab etmək olar. Onun fikrincə, bundan sonra provayderlər 10 Mbit/san 100 manata təqdim edə bilərlər ki, hazırda bu, istifadəçilərə 2-3 dəfə baha başa gəlir.

Yüksək sürətli İnternetin təmin edilməsi üçün infrastrukturun zəif olması – kabel və avadanlıq çatışmazlığı da problem olaraq qalır.

Ümumilikdə, Azərbaycanda İnternetin vəziyyətinin qeyri-kafi hesab etmək olar. Rəsmi məlumatlara görə, əhalinin demək olar ki, yarısının İnternetə çıxışı var. “Lakin dünyada genişzolaqlı İnternetlə təminetmə çoxdan əsas meyardır. Bizim istifadəçilərimizin 10%-nin belə bu cür İnternetə çıxışı yoxdur”, deyə o qeyd edib.

Vətəndaşlar mənzilindən, mülkiyyətindən məhrum edilir

Azadlıq prospekti 154 saylı binanın sakinləri mülkiyyət hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçiriblər.

Hüquq müdafiəçisi Ələkbər Məmmədov adı çəkilən binanın 1973-cü ildə tikildiyini, Bakıda ilk 16 mərtəbəli bina olduğunu nəzərə çatdırıb. Binanın sökülməsinə gəlincə, bu haqda hər hansı rəsmi qərar yoxdur.

Söküntünü işlərini  Neftçilər prospektində, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində olduğu kimi Az.İNKO şirkəti aparır.

Sakinlərə binanın söküləcəyi barədə kim tərəfindən yazıldığı bilinməyən imzasız bildirişlər paylanır. Daha sonra mənzillər alınır, alınan mənzillər bilərəkdən yararsız hala salınır və binanın qəzalı vəziyyətdə olması görkəmi yaradılır. Binadakı 84 ailədən 50-yə yaxını köçüb. Qalan ailələr mülkiyyət hüquqlarının qorunmasına çalışırlar.

Etirazçı sakinləri evlərindən çıxarmaq üçün binaya qaz, su, işıq verilməsi qəsdən dayandırlır. Neftçilər prospekti 59/61 saylı binada olduğu kimi Azadlıq prospekti 154-də də əhalinin mülkiyyət hüququnun pozulmasının görünən tərəfində əmlak komitəsinin əməkdaşı Yusif Qəmbərov dayanır.

“Binanın sökülməsinin əsl səbəbi “Azadlıq” prospektində dövlət başçısı üçün tikilən yeni iqamətgahın həyətinin binanın yuxarı mərtəbələrindən görünməsidir”-deyə Ə.Məmmədov qeyd edib.
Sakinlərə hər hansı məbləğdə pul təklif edilmir, sadəcə Keşlədə, yük boşaltma stansiyasının həyətində Az.İNKO-nun tikdiyi evlərdən mənzillər təklif olunur. Binanın sökülməsilə bağlı sakinlərin müraciətlərinə Nazirlər Kabineti və Bakı şəhər icra hakimiyyətindən bu haqda məlumatları olmadığı cavabları verilib.

“Ortada qanuni əsas yox, dövlət qurumlarının xəbəri yox, amma vətədaş mənzilindən, mülkiyyətindən məhrum edilir”-deyə Ə.Məmmədov bildirib.

Sakinlərin sonrakı addımlarına gəlincə onlar mülkiyyət hüquqularının pozulması ilə bağlı Prezident Administrasiyasına, beynəlxalq qurumlara, aparıcı dövlətlərin Bakıdakı səfirliklərinə müraciət edəcəklərini deyirlər.

Azərbaycanda 58 mindən çox əlil uşaq var.

Uşaq hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşkilatları alyansı respublikada uşaq hüquqlarının durumuna dair alternativ hesabatla bağlı mətbuat konfransı keçirib. Hesabat iyunun 24-də Cenevrədə BMT Uşaq Hüquqları Komitəsində təqdim olunub.

Alyansın milli koordinatoru Nabil Seyidovun sözlərinə görə, Aternativ hesabat 4 ay ərzində 80 QHT-nin iştirakı ilə hazırlanıb. Hökumətin hesabatından fərqli olaraq Alternativ hesabat uşaq hüquqlarının müdafiəsi sahəsində çatışmazlıqlara və problemlərə diqqət yetirir. Uşaqların səhhəti, əlil uşaqlar və onların cəmiyyətə inteqrasiyası məsələsi ciddi problemlərdəndir. Seyidov yuvenal ədliyyənin vacibliyini qeyd edib. Çünki bəzən cinayət törədən uşaqların çoxu qeyri-adekvat, demək olar ki, böyüklər kimi cəzalandırılır. “Uşaqların hüquqlarının müdafiəsi üçün yuvenal prokuror, vəkil və ombudsman gərəkdir”, - deyə o vurğulayıb.

“BMT Komitəsinin üzvləri cəbhəyanı zonada uşaqların vəziyyəti ilə maraqlanıblar. Cəbhəyanı zonada məcburi köçkünlər üçün yeni qəsəbələr yaradılıb. Bu, komitə üzvlərini çox narahat edir. Onlar hərbi təhsil müəssisələrində oxuyan yeniyetmələrin vəziyyətilə də maraqlanıblar”, - bunları da Seyidov deyib.

Komitə üzvləri uşaqların seksual istismarı, uşaq pornoqrafiyası, uşaq trafikinqi ilə bağlı vəziyyətlə maraqlanıblar. Seyidov qeyd edib ki,  Azərbaycanda bu cür uşaqlar qurban kimi qəbul olunmur və reabilitasiya keçmirlər. Onlara kompensasiya ödənilməsinin mexanizmi də yoxdur. Bundan əlavə, uşaqların seksual istismarı haqqında qanunvericilikdə boşluqlar var və bu cür cinayət işlərinə demək olar ki, baxılmır.

Seyidov heç olmasa Bakıda Ağır Cinayətlərə dair Məhkəmənin nəzdində yuvenal məhkəmənin olması vacib hesab edilir. Onun fikrincə, indiki islah müəssisələri islah etmir, uşaqları şikəst edir. Son 5 ildə həbsdən azad edilmiş 62 yeniyetmənin 44%-i yenidən cinayət törədib.

Mətbuat konfransında “Müşviq” təşkilatının sədri Validə Abbasova çıxış edib. O, əlil uşaqlar mövzusuna toxunub. Onun sözlərinə görə, rəsmi statistikaya əsasən Azərbaycanda 57 941 əlil uşaq var. 18 yaşınadək olanlar 55 manat dəyərində müavinət alır.

YUNİSEF-in statistikasına görə, ölkədə 58 800 belə uşaq var. Belə məlum olur ki, təxminən 900 əlil uşaq onlara çatacaq bu cüzi müvinəti də ala bilmir.

Risklərin aradan qaldırılması üçün milli konsepsiya gərəkdir

İyulun 1-də Park Inn otelində «Fövqəladə vəziyyət zonalarında risklərin azaldılması» layihəsinin I mərhələsinin hesabatı təqdim edilib. Layihə ötən il mayın 1-dən bu il iyulun 31-nə kimi fəaliyyətdədir və İsmayıllı, Şamaxı, Salyan və Neftçalada rayonlarında 15 kəndi əhatə edir.

Tədbirin təşkilatçısı Böyük Britaniyanın “Oxfam” beynəlxalq humanitar təşkilatı və Avropa Komissiyanın humanitar ofisinin dəstəyi ilə “Fövqəl” Assosiasiyasıdır. Tədbirdə FHN, Ekologiya Nazirliyi, QHT və KİV təmsilçiləri, ekspertlər iştirak edib.
Forum iştirakçıları fövqəladə vəziyyətlərdə risklərin azaldılması profilaktikası, beynəlxalq təcrübə, mətbuatın maarifçilik işi, fövqəladə halların idarə edilməsi və s.-dən danışıblar.
Böyük Britaniyanın “Oxfam” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəsi Şövkət Əlizadə bildirib ki, layihədə məqsəd əhalinin təbii fəlakətlərdən qurtulmağa hazır olması üzrə milli konsepsiyanın hazırlanmasıdır.

Ekspertlər hesab edir ki, Azərbaycanda risklər çoxdur. Onların fikrincə, təbii, texnogen və ekoloji risklərin aradan qaldırılması üçün proqram və konsepsiya hazırlanmalıdır.
Hesabat zamanı dövlət, qeyri-hökumət təşkilatlarının və ictimai əlaqələr sisteminin səylərinin birləşdirilməsi zərurəti qeyd olunub.

Share |
Added: 2011-07-01
Category: Günün xəbərləri
Duration: 0:07:42
Video Description: GÜNÜN XƏBƏRLƏRİ 1 İYUL 2011