Bu gün ATƏT Parlament Assambleyasının Azərbaycanın paytaxtında keçirilən 23-cü sessiyası Bakı bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.
ATƏT-in fəaliyyət istiqamətləri ilə bağlı ümumi məsələlərlə yanaşı, bəyannamədə Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə xüsusi diqqət yetirilib.
ATƏT PA Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini açıq-aşkar, kobud və düzəldilməsi mümkün olmayan şəkildə pozmasını, o cümlədən bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasını və Ukrayna ərazisinin işğal edilməsini pisləyir.
ATƏT PA həmçinin iştirakçı dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və hazırda mövcud olan sənədlərin mənasının və təfsilatının fərqli şəkildə təfsirinin qarşısının alınması məqsədilə assambleya çərçivəsində yeni arbitraj sistemi yaratmağa çağırır. Bu bənd bəyannaməyə Helsinki prinsiplərinin subyektiv və şəraitə uyğun təfsiri və separatçılığa bəraət verilməsi, onun xalqların öz müqəddəratını təyin etmək hüququ kimi təqdim edilməsi cəhdləri ilə əlaqədar daxil edilib.
İnsan hüquqları ilə bağlı hissədə ATƏT PA “siyasi məhbus” anlayışının tərifini təsdiq edən ATƏT qətnaməsinə dəstək ifadə edib.
Bəyannaməyə həmçinin Azərbaycan hakimiyyətinə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlini həbsdən azad etmək, habelə onun və siyasiləşdirilmiş məhkəmələrin digər qurbanlarının hüquq müdafiə fəaliyyətini davam etdirməsi üçün şərait yaratmaq çağırışı yer alan bənd daxil edilib.
Həmçinin, bəyannamədə ATƏT-in Bakı ofisinin layihə koordinatoru səviyyəsinə endirilmiş əvvəlki statusunu bərpa etmək çağırışı yer alır.
İclasda Norveçli deputat Bekkelvold Məmmədlinin azad edilməsi haqqında məsələ qaldıraraq, onun seçkilərin monitorinqini həyata keçirdiyinə görə təqib edildiyini bəyan edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deputatları Məmmədlinin konkret cinayətlərə görə həbs edildiyinə və məsələni siyasiləşdirməyə ehtiyac olmadığına inandırmağa çalışıb. O, həmçinin ATƏT-in Bakı ofisinin əvvəlki statusunun qaytarılması haqqında təklifə qarşı çıxaraq, bu qərarın ATƏT Daimi Şurası ilə razılaşdırıldığını bəyan edib. Lakin böyük səs çoxluğu ilə Muradovanın təklifi rədd edilib.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan çıxışında ATƏT PA-ya erməni nümayəndələrinin təhlükəsizliyinə zəmanət verildiyinə görə təşəkkür edib. O, həmçinin şərait yaratdıqları üçün Bakılı həmkarlarına təşəkkür edib.
Video Description: ATƏT PA NIN BƏYƏNNAMƏSİNƏ ANAR MƏMMƏDLİNİ AZAD ETMƏK ÇAĞIRIŞI DAXİL EDİLİB