İyulun 21-də Bakı Apellyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrliyi ilə facebook fəalı Əbdül Əbilovun şikayəti üzrə hazırlıq iclası keçirilib.
Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və bəraət hökmü çıxarılması xahişi yer alır.
Məhkumun qohumu Şəhriyar Əbilovun verdiyi məlumata görə, iclasdan əvvəl Ə.Əbilov kriminal avtoritetlərin tərəfdarları arasında baş vermiş insidentlə əlaqədar məhbusların saxlanıldığı otaqda sıxılmış gözyaşardıcı qazdan zərər çəkib.
Əbilov iclas zalına gətirildikdə gözləri tamamilə qırmızı idi, sol əli xəsarət almışdı.
Müdafiə tərəfi apellyasiya şikayətinə təkrar məhkəmə istintaqı keçirilməklə baxılması haqqında vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib və işə mahiyyəti üzrə baxılmasını avqustun 4-nə təyin edib.
Əbilov Apellyasiya Məhkəməsinin hazırlıq iclasının qərarından kassasiya şikayəti vermək niyyətindədir. Bu halda apellyasiya şikayətinə baxılması qeyri-müəyyən müddət üçün təxirə salınacaq.
Xatırladaq ki, Facebook fəalı Əbdül Əbilov 2013-cü il noyabrın 25-də CM-nin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədilməklə, 5 ildən 12 ilədək həbs nəzərdə tutulur) ittiham edilib. Əbilov Facebook-da “Yaltaqlara dur deyək” səhifəsi yaradıb və o, saxlanıldıqdan sonra səhifə bağlanıb. 2013-cü il mayın 27-də isə Bakı Ağır Cinayətlər Məhkəməsi Əbilovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Video Description: ƏBDÜL ƏBİLOVUN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILMASI BAŞLAYIB